Sadə riyazi təsəvvürlər üzrə iş
Bağça yaşlı uşaqların ilk riyazi hazırlığı, onların məktəbə hazırlanması işinin bir hissəsi olub, sadə riyazi təsəvvürlərin formalaşdırılması məqsədini daşıyır.
Bağça yaşlı uşaqların riyazi hazırlığı vəzifəsini həyata keçirmək üçün:
uşağın fərdi inkişaf xüsusiyyətləri, zehni inkişafı və bacarığı; biliklərin mənimsənilməsində uşağın yaş xüsusiyytləri və bununla əlaqədar bacarıq və vərdişləri nəzərə alınmalıdır.
Bağça yaşlı uşaqların riyazi hazırlığı dedikdə aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
- Uşaqlarda elementar riyazi təsəvvürlər sisteminin formalaşdırılması.
- Uşağın gələcək riyazi hazırlığı və inkişafı üçün onun riyazi təfəkkürünün tədricən formalaşdırıması.
- Uşaqda sensor proseslərin və qabiliyyətin formalaşdırılması.
- Uşağın riyazi söz ehtiyatının artırılması və əlaqəli nitqinin təkmilləşdirilməsi.
- Uşağın tədris fəaliyyətinin ilk ibtidai formalarının yaradılması.
Bağça yaşlı uşaqlarda formalaşdırılan ilk riyazi təsəvvürlərin məzmununa çoxluq, münasibət, ədəd, kəmiyyət kimi anlayışlar daxildir. Bu formalaşan empirik biliklər bağça uşaqlarının əqli və riyazi inkişafı üçün zəruri şərtdir. Bununla da onun riyazi nitqi, söz ehtiyatı tədricən inkişaf edir. Belə ki, uşaq miqdar münasibətlərini “çoxdur, azdır, o qədərdir, bərabərdir, böyükdür, kiçikdir” və s. sözləri ilə ifadə edir və bilavasitə əşyaları müqayisə etməklə, saymaqla bu sözlərin mənasını dərk edir.